Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, danışıq zamanı İsrail-Fələstin məsələsində beynəlxalq ictimaiyyətdən gözlənilən addımlar, humanitar böhranın həlli yolları və davamlı sülh üçün göstəriləcək səylər müzakirə edilib.
Türkiyə prezidenti bu münaqişə zamanı həyatını itirən BMT əməkdaşına görə Quterreşə başsağlığı verib və Birləşmiş Millətlər Təşkilatının rəhbərinin Misirin Rəfah sərhəd-keçid məntəqəsinə şəxsi səfərinin beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək baxımından faydalı olduğunu bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti İsrail-Fələstin qarşıdurmasının müzakirə olunacağı BMT-nin Təhlükəsizlik Şurasının noyabrın 29-da Nyu-Yorkda keçiriləcək toplantısında iştirak edəcək.