Rusiya rəhbərliyi Ukraynadakı müharibədəki uğursuzluqların 2024-cü ildə keçiriləcək prezident seçkilərinin nəticələrinə mənfi təsirindən narahatdır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirir.
Təhlildə qeyd olunur ki, Rusiya lideri Vladimir Putin seçki kampaniyasında diqqəti federasiyanın daxili işlərinə və Qərbin tənqidinə yönəltmək istəyir. Eyni zamanda, Kreml Rusiyada senzuranı gücləndirmək istəyir. Rəsmilər bunu onunla izah edirlər ki, ölkəni tərk edən vətəndaşlar prezident seçkilərini gözdən salmağa cəhd göstərməyə başlayıblar.
ABŞ analitiklərinin fikrincə, Kreml informasiya məkanına nəzarəti gücləndirməyə çalışır və özünüsenzuranı təşviq etmək üçün tədbirləri gücləndirib. Ehtimal olunur ki, müharibəyə səfərbər olan hərbçilərin ailələri və ya yaxınları seçkilərə təsir göstərə bilərlər. Xüsusən də Rusiyada səfərbərliyə alınanlara kömək üçün müraciətlərin sayı senzura cəhdlərinə baxmayaraq artıb.