ABŞ Prezidenti Co Bayden ölkənin sərhəd siyasətində dəyişiklik təklif etdikdən sonra Ukraynaya yardımla bağlı ikitərəfli razılaşmanın perspektivləri yaxşılaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Respublikaçılar daxili təhlükəsizlik katibi Alexandro Mayorkasla senatorlar arasında təxminən iki saatlıq müzakirədən sonra təklifi qiymətləndirmək üçün bağlı qapılar arxasında görüşüblər.
Respublikaçı senator Tom Tillisin sözlərinə görə, təklif Baydenin ABŞ sərhədini qanunsuz keçən miqrantları deportasiya etmək səlahiyyətlərini genişləndirəcək. Amma mühafizəkar respublikaçılar bunun kifayət etmədiyini deyirlər. Respublikaçı senator Ceyms Devid Vens qeyd edib ki, məsələ bir qədər aydınlaşsa da, yekun razılaşma yaxın vaxtlarda hazır olmayacaq.
Oktyabrın 20-də Prezident Bayden Konqresə Ukrayna, İsrail və Tayvana yardımın ayrılmasını nəzərdə tutan 106 milyard dollar məbləğində maliyyə sorğusu təqdim edib. Ukraynaya dəstək üçün 61 milyard dollar ayrılıb. Amma sənəd hələ qanunvericilər tərəfindən təsdiqlənməyib.
Bayden ötən gün bildirib ki, Konqres tətildən əvvəl “Putinə böyük Milad hədiyyəsi” verməzdən əvvəl Ukrayna üçün əlavə maliyyə məsələsinə səs verməlidir.