22 Dekabr 2023 11:53
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-ün mürəkkəb il olacağını indidən söyləmək olar. Yaxın Şərdəki toqquşmalar və Rusiya-Ukrayna müharibəsi gələn il də davam edəcək. “Blumberq” agentliyi müharibələrin coğrafiyasının genişlənəcəyini yazır. Hazırda planetdə 183 regional silahlı münaqişə var. Münaqişələrin intensivliyinin ilbəil artdığı vurğulanır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, bu müharibələr ölüm sayının artmasını da şərtləndirir:

“Bu arada ABŞ, Cənub Koreya və Yaponiya liderlərinin milli təhlükəsizlik müşavirlərinin Seuldakı görüşü diqqəti çəkib. Bu format avqustda formalaşıb. Üç ölkənin lideri ilk dəfə Vaşinqtonda görüşmüş, geniş fikir mübadiləsi aparmışdı. Bununla ABŞ, Cənubi Koreya və Yaponiya öz aralarında müttəfiqliyi rəsmiləşdirib. Üçlük regional təhlükələrə qarşı birgə mübarizə aparmaq qərarı verib. Halbuki keçmiş illərdə Tokio-Seul münasibətlərində müəyyən suallar vardı.

Əsas təhlükə Şimali Koreyanın raket proqramı ilə bağlıdır. Pxenyan raket sınaqlarını davam etdirməklə yanaşı, qonşuları Cənubi Koreya və Yaponiya üçün ciddi təhdidlər yaradır. Bu, Vaşinqtonu da narahat edir. Çünki ABŞ-nin həm Cənubi Koreya, həm də Yaponiyada hərbi bazaları var. Bu o deməkdir ki, Şimali Koreya Cənubi Koreya və ya Yaponiyaya raket atsa, ABŞ Pxenyana qarşı müharibəyə başlamalı olacaq.

Şimali Koreya raket sınaqlarıyla yanaşı, kosmosa kəşfiyyat peykləri də göndərməyə başlayıb. Pxenyan həmin peyklər vasitəsilə ABŞ-nin bölgədəki bazalarını izləmək imkanı qazanıb”.

Mərkəzin ekspertləri hesab edirlər ki, digər təhlükə Çinin bölgədə artan hərbi gücü ilə bağlıdır:

“Çin və Şimali Koreya bölgəyə Qərblə gərgin münasibətləri olan Rusiyanı da cəlb etməyə çalışır. Məsələn, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək məqsədilə Şimali Koreyadan raketlər alır, Çinlə dənizlərdə hərbi təlimlər keçirir. Bu hərbi təlimlər ən çox Yaponiyanı narahat edir. Çünki təlimlər Yaponiya sahillərinə yaxın ərazilərdə keçirilir. Tokio bu məqsədlə hərbi xərclərini keçmiş illərlə müqayisədə xeyli artırıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər