Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Birliyinə (AB) vahid ordu qurmazdan əvvəl koronavirusa qarşı peyvənd yaratmaq barədə düşünməyi tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi həmçinin birlik ölkələrini öz sərhədlərini humanist şəkildə qorumağa çağırıb.
“Avropa Birliyi ordusu? Bəlkə öz COVID peyvəndimizi hazırlamaqla başlamalıyıq? Ya beynəlxalq öhdəliklərimizə uyğun olaraq Avropa Birliyinin sərhədlərini humanist şəkildə qorumağı öyrənək? Bəlkə qaçqın və miqrant məsələsi həll edilsin? Yalnız bundan sonra ordu yaratmaq haqda düşünün”, - Zaxarova bildirib.
O əlavə edib ki, ordu yaratmazdan əvvəl onun hansı yanacaqdan istifadə edəcəyini anlamaq lazımdır:
“Sonra Amerika prezidenti Brüsselə gələcək və Avropa Birliyi ordusu dediyi şəxslərə hücum etməsə, yanacağın qiymətini qaldıracağını söyləyəcək”.
Zaxarova Qərb ölkələrinə belə bir sual da ünvanlayıb:
“Niyə hər bir NATO ölkəsi ümumi xəzinəyə, əslində isə təhlükəsizliyi təmin etmək üçün Vaşinqtona böyük məbləğdə pul ödəyir?”.
İtaliya xarici işlər naziri Antonio Tacani bundan əvvəl bildirib ki, AB sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək öz silahlı qüvvələrini yaratmalıdır.
Avropa Birliyinə 27 ölkə daxildir.