11 Yanvar 10:52
7 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar ABŞ Prezidenti Co Baydeni Ukraynaya kifayət qədər yardım göstərmədiyinə görə tənqid edərək, qətiyyətli addım atmağı tələb ediblər.

Teleqraf.com xəbər verir ki, müvafiq sənədi Respublikaçılar Partiyasının nümayəndələrinin rəhbərlik etdiyi Nümayəndələr Palatasının üç komitəsi yayımlayıb.

Müəllifi Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol, Silahlı Qüvvələr Komitəsinin rəhbəri Mayk Rocers və Kəşfiyyat Komitəsinin rəhbəri Mayk Törner olan “Ukraynada qələbə üçün təklif olunan plan” adlı sənəd ötən ilin sonunda hazırlanıb.

Qeyd olunur ki, bunda məqsəd ABŞ, Ukrayna və digər müttəfiqlərinin qalib gəlməsi, Rusiyanın isə uduzmasıdır.

“Rusiya və Çin, İran və onun qruplaşmaları, eləcə də Şimali Koreyadan ibarət ittifaq Amerikanın bütün dünyada maraqlarını alt-üst etmək üçün birlikdə çalışır. Məqsədləri ABŞ iqtisadiyyatını zəiflətmək, əsas ittifaqları parçalamaq və totalitarizmin yeni dünya nizamını qurmaqdır. İkinci Dünya Müharibəsindən bəri Birləşmiş Ştatlar daha təhlükəli düşmənlərlə qarşılaşmayıb”, - sənəddə deyilir.

Eyni zamanda, ABŞ Konqresinin Rusiya, Çin və İran kimi ölkələrdən azadlığın qorunmasına cavabdeh olduğu bildirilir.

Nümayəndələr Palatasının respublikaçı üzvləri təkid edirlər ki, Bayden etibarlı qələbə planı təqdim etməli və buna mümkün qədər tez nail olmaq üçün Ukraynanı lazım olan silahlarla təmin etməlidir.

Amerikalı konqresmenlərə görə Ukraynanı qələbəyə aparan yol belədir:

Birincisi, tezliklə onu kritik silahlarla təmin etmək;

İkincisi, Putin rejiminə qarşı sanksiyaların gücləndirilməsi;

Üçüncüsü, Rusiyanın dondurulmuş 300 milyard aktivinin Ukraynaya verilməsi.

Onlar əmindirlər ki, Ukraynanın qələbəsi Rusiyanın NATO ölkələrinə hücumunun qarşısını alacaq, əksi isə Amerikanın qanı və pulu baxımından ölçüyəgəlməz dərəcədə baha başa gələcək.

“Prezident Baydenin qoşunları Əfqanıstandan fəlakətli şəkildə çıxarmasından sonra Putinin qüvvələrinə qarşı mübarizədə Ukraynanın dəstəklənməsi Avropa, Yaxın Şərq və Hind-Sakit okean regionunda Amerikanın çəkindirici gücünü bərpa etmək üçün çox vacibdir”, - sənəddə vurğulanır.

Amerikalı siyasətçilər hesab edirlər ki, sənəd Ukraynaya Putini danışıqlar masasına oturmağa məcbur etmək üçün döyüş meydanında lazımi uğurlar əldə etmək imkanı verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər