Çin İrandan Yəməndəki “Ənsarallah” qruplaşmasını (husilər) Qırmızı dənizdə gəmilərə hücumdan çəkindirməsini istəyib, əks halda bunun Pekinin Tehranla ticarət əlaqələrinə təsir edəcəyi bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb.
Britaniya agentliyi yazır ki, məsələ son vaxtlar Tehran və Pekində keçirilən bir neçə görüşdə müzakirə olunub.
Husilərin “Qəzzada fələstinliləri dəstəkləmək məqsədi” daşıdığını iddia etdiyi hücumlar Çinin maraqlarına zərbə vuraraq, daşıma və sığorta xərclərini artırıb.
Pekin açıq şəkildə Tehrana bildirib ki, əgər Çinlə əlaqəsi olan hansısa bir gəmiyə hücum edilərsə və ya ölkənin maraqlarına hər hansı şəkildə toxunularsa, bu, ticarət əlaqələrinə təsir edə bilər. Amma Çinlə danışıqlardan sonra İranın adekvat addım atıb-atmayacağı bəlli deyil.
“Röyter” qeyd edir ki, ABŞ də İrana təsir rıçaqlarından istifadə etmək üçün Çinə müraciət edib.
Ötən il İranın neft ixracının 90 faizi Çinə gedib. Bu, Çin bütün enerji idxalının cəmi 10 faizini təşkil edir. Pekin kəsiri digər ölkələrdən tədarüklərlə bağlaya bilər.
Yanvarın əvvəlindən bəri bölgədəki ABŞ və Böyük Britaniya qüvvələri husilərin Yəməndəki mövqelərinə bir neçə dəfə hava zərbələri endiriblər. Hələlik yəmənlilər hücumu dayandırmayıb.