Ukrayna Silahlı Qüvvələrinin (AFU) baş komandanı, general Valeri Zalujnı Prezident Vladimir Zelenski ilə söhbətində açıq şəkildə bildirib ki, döyüş meydanında vəziyyətin yaxın gələcəkdə yaxşılığa doğru dəyişməsi ehtimalı azdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” (VP) qəzeti rəsmi mənbələrə istinadla məlumat yayıb.
Nəşr iddia edir ki, yanvarın 29-da Zelenski ilə Zalujnı arasında tezliklə ikincinin işdən çıxarılacağının bildirildiyi söhbət olub. Prezident hərbi komandanlıqda dəyişikliyin ümumi vəziyyəti yaxşılaşdıracağına ümid edir. Görüşdə Zelenski cəmiyyətin müharibədən getdikcə yorulduğunu və Qərbin köməyinin zəiflədiyini deyib. Öz növbəsində, general dövlət başçısına söyləyib ki, Ukraynanın döyüş meydanındakı mövqeyinin sürətlə yaxşılaşması mümkün deyil.
Nəşr yazır ki, Zalujnının istefaya göndərilməsi əks nəticəyə gətirib çıxara və Moskvaya qeyri-sabitlikdən istifadə etməyə imkan verə bilər. Qəzetin həmsöhbəti qeyd edib ki, bu durumda yalnız Rusiya qalib gələcək.
VP vurğulayır ki, Zelenski ilə Zalujnı arasındakı münasibətlər müharibə başladıqdan sonra pisləşib. ABŞ nəşri iddia edir ki, onlar bir-birinə etibar etmirlər.
Ötən günlərdə Amerika mediasında Zelenskinin Zalujnını vəzifəsindən uzaqlaşdırmaq qərarı verdiyi, amma araya girən vasitəçilərin onu bu fikrindən daşındırdığına dair iddia yayılmışdı.