5 Fevral 12:40
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan 2027-ci ilədək 5 trilyon dollarlıq ÜDM-lə dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilmək iddiasındadır. Təsadüfi deyil ki, Hindistan iqtisadiyyatının bu il 7 faiz böyüyəyəcəyi ehtimal edilir. Hazırda ölkənin ÜDM-ü 3.7 trilyon dollardır. “Goldman Sachs”a görə, Hindistan 2075-ci ilə qədər təkcə Yaponiya və Almaniyanı yox, həm də ABŞ-ni geridə qoyaraq dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri qeyd edirlər ki, hazırda Hindistan ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın beşinci ən böyük iqtisadiyyatıdır:

“İqtisadi gücünü artırmağa çalışan Hindistan hazırda ciddi sınaqla üz-üzə qalıb. Yəməndəki husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları Hindistana da çətinlik yaradıb. Hücuma məruz qalanlar arasında Hindistan limanlarından çıxan və ya bu limanlara yaxınlaşmaq istəyən ticarət gəmiləri çoxluq təşkil edir. Hindistan 10-a yaxın hərbi gəmisini Qırmızı dəniz yaxınlığındakı Ədən körfəzinə göndərib. Halbuki Dehli ABŞ-nin Qırmızı dənizdə təhlükəsizlik ittifaqına qatılmayıb. Hindistan hərbi gəmiləri Hindistan və digər ölkələrin bayraqları ilə üzən ticarət gəmilərinə nəzarət edir. Məsələn, Hindistanın “Visakhapatnam” hərbi gəmisi Ədəndə dronların hücumuna məruz qalan ABŞ-yə məxsus “Genco Picardy” gəmisinin köməyinə yetişib.

Hindistan kommersiya gəmilərini hədəf alan İran proksilərinin potensial təhlükələrinin qarşısını almaq üçün çoxşaxəli yanaşma nümayiş etdirib. “Brahmos” raketləri ilə təchiz edilmiş bir neçə döyüş gəmisi, o cümlədən “INS Kolkata”, “INS Kochi”, “INS Mormugao”, “INS Chennai” və “INS Visakhapatnam” Ərəb dənizində yerləşdirilib. Hava nəzarəti “Boeing P8I” sualtı gəmi əleyhinə döyüş təyyarələri və silahsız “Predator” dronları tərəfindən həyata keçirilir, xüsusilə də hücumlarda istifadə oluna biləcək gəmiləri skan edir.

Hindistanın “Boeing P8I” təyyarələri və uzaqmənzilli müşahidə PUA-ları da Ərəb dənizi və Ədən körfəzində patrul xidməti aparır. Hindistan ABŞ-dən sonra Qırmızı dəniz və ətrafında hərbi gücünü artıran ikinci dövlətə çevrilib. Avropa və Çin döyüş gəmiləri Qırmızı dənizdən məsafə saxlamağa üstünlük verir”.

Məqalədə İranla Hindistan arasındakı son duruma da diqqət çəkilir:

“Hindistanın İranla tərəfdaşlıq münasibətləri var. Ancaq İranın ticarət gəmilərinə hücum edən husilərə dəstək verməsi Dehlinin Tehranın siyasəti ilə bağlı narahatlığını artırıb. Çinin də İranla strateji tərəfdaşlıq münasibətləri var. Pekin Qırmızı dənizdəki böhrana qarışmır. Buna baxmayaraq, Pekinin İranı ABŞ-nin təzyiqlərindən qurtara biləcəyi şübhə doğurur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər