“Ukraynadan Rusiyaya keçirilməyə cəhd edilən partlayıcı maddələrin Gürcüstanda saxlanılması deməyə əsas verir ki, yük bir neçə ölkədən keçirilsə də, Tiflis bu cinayətə şərik olmaq istəməyib”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Dudçak deyib.
“Gürcü sərhədçiləri və gömrükçüləri keçidin qarşısını aldılar. Bu yük bir neçə sərhədi keçib. Türkiyə və Rumıniyadan... Yəqin ki, bu ölkələr sadəcə gözdən qaçırıblar. Amma artıq başqa cür nəzərdən keçirilə biləcək presedent də var: Gürcüstan bu cinayətin ortağı olmaq istəmədi. Ümid edək ki, gələcəkdə də belə olacaq”, - Dudçak bildirib.
Ekspert Ukraynanı Rusiyada “terror aktı” törətməkdə ittiham edib.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti bundan əvvəl məlumat yaymışdı ki, hüquq-mühafizə orqanları Rumıniya, Bolqarıstan və Türkiyə ərazilərindən keçməklə Odessadan Voronejə gedən, içərisində partlayıcı maddələr olan yükü saxlayıb.
Gürcüstan baş nazirliyinə namizəd İrakli Kobaxidze baş verənlərlə bağlı sərt danışıb. O, Ukraynanı Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaqda ittiham edib.
“Kənardan kiminsə Gürcüstanı Rusiya təcavüzünün hədəfinə çevirməyə çalışması çox ciddi və dərin narahatlıq doğuran problemdir, bu, bir daha sübut edir ki, Ukrayna hakimiyyətinin yüksək rütbəli məmurları ölkəmizdə ikinci cəbhə açmaq istəyirlər, dövlət təhlükəsizlik xidmətimizin aşkarladığı faktlar bunun təsdiqidir”, - Kobaxidze söyləyib.
Partlayıcı maddələri yük maşını ilə daşıyan şəxslər Gürcüstan və Ermənistan vətəndaşları olub.