Çin hərbi gəmilərinin Yaponiya adalarına yaxın üzmələri Tokionu ciddi narahat edir. Çin Yaponiya ilə üz-üzə gəlməkdən çəkinmir. Yaponiya Çinlə müharibədə maraqlı deyil. Buna baxmayaraq, Çinlə Yaponiya arasında Sankaku arxipelaqı uğrunda mübarizə davam edir. Pekin Tokiodan tələb edir ki, Yaponiyaya məxsus təyyarələr adalar üzərində uçuşlar həyata keçirməsinlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri hesab edirlər ki, Toki bu durumda ABŞ-nin Yaponiyaya hərbi dəstəyini artırmasını arzulayır:
“Reuters” agentliyi Yaponiya rəsmilərinin Donald Trampla təmasa çalışdıqları barədə məlumat yayıb. Görünür, Tokio hesab edir ki, ABŞ-də bu il keçiriləcək prezident seçkisində Trampın qələbə çalmaq ehtimalı yüksəkdir. Ona görə də Tokio indidən Trampın bölgəyə baxışını öyrənmək istəyir. Tokio ehtiyat edir ki, Tramp seçilərsə, Vaşinqtonun Yaponiyaya hərbi dəstəyi azala bilər və bu, Çinin bölgədə hərbi gücünü artırmağa şərait yaradar.
Tramp prezident olduğu illərdə Çinə qarşı sərt ticarət qaydaları tətbiq etsə də, təhlükəsizlik məsələlərinə o qədər fikir vermirdi. Ümumiyyətlə, Tramp ABŞ-nin xaricdə təhlükəsizlik məsələlərinə az diqqət yetirilməsinin və buna az pul xərclənməsinin tərəfdarıdır. Tokioni narahat edən də budur. Məsələn, Tramp “seçilsəniz, Tayvanı Çindən müdafiə edəcəksiniz” sualına cavab vermək istəməyib. Tayvanı müdafiə etmək istəməyən Tramp Yaponiyanı müdafiə etmək istəyərmi? Bu sual Tokioda aktuallaşıb. Tokioda onu da unutmayıblar ki, Tramp prezident olduğu illərdə “Yaponiya və Cənubi Koreya təhlükəsizlikləri üçün Amerikaya daha çox pul ödəməlidir” fikrini səsləndirmişdi”.
Məqalədə vurğulanır ki, Tramp təhlükəsizlik məsələlərinə siyasətçidən çox qazanc əldə etmək istəyən iş adamı kimi yanaşır:
“Yaponiya Baş naziri Fumio Kişida apreldə Vaşinqtonda Ağ Ev sahibi Co Baydenlə görüşəcək. Həmçinin Kişida hakim partiyanın təmsilçilərini Trampla görüşlərə göndərib. Yaponiya siyasətçiləri Vaşinqtonda Amerikanın beyin mərkəzlərinin rəhbərləri ilə də görüşürlər. Yaponiyalı rəsmilər və siyasətçilər bu görüşlərdə amerikalı həmkarlarını inandırmağa çalışırlar ki, ABŞ-nin bölgədə siyasi-hərbi fəallığını azaltması Çinin işinə yarayacaq. Tokio Trampa mesaj göndərir ki, gələcəkdə hər hansı bir məsələylə bağlı Tokio ilə razılaşmağa çalışsa, ABŞ-nin bölgədəki strateji müttəfiqi Yaponiyanın maraqları nəzərə alınsın”.