Rusiya ordusu bütün cəbhə xəttində təşəbbüsü ələ keçirib. Artıq ruslar istədikləri vaxt və harada istəsələr, hücum əməliyyatları keçirə biləcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Amerikalı analitiklər deyirlər ki, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ilin iyununda başlayan əks-hücumdan sonra təşəbbüsü yenidən ələ alıblar.
ABŞ institutu hesab edir ki, Rusiyanın hərbi komandanlığı bundan sonra Ukrayna ərazisində gələcək hücum əməliyyatların vaxtı, yeri və miqyasını müəyyən edə biləcək.
Eyni zamanda, analitiklərə görə, Ukrayna ordusu bütün cəbhə xətti boyunca fəal müdafiə əməliyyatı aparsa, Rusiyanın strateji təşəbbüsü nəticə verməyə bilər. Amma indiki halda rusların manevr etmək, resursları necə və hara ayıracağını müəyyən etmək imkanları yaranıb. Rusiya strateji təşəbbüsü saxladığı müddətdə Ukraynanı müdafiədə qalmağa məcbur edəcək.