Rəsmi Ankara növbədənkənar seçki çağırışlarını rədd edib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Türkiyə prezidentinin müşaviri Mehmet Uçum məlumat verib.
O bildirib ki, prezident sistemi bələdiyyə seçkilərin nəticələrinə əsasən hökumət və parlament üçün seçki tələblərini formalaşdıra bilməz. Uçum qeyd edib ki, hətta parlament sistemində də bələdiyyə seçkilərinin ümumi seçkilərə təsiri məsələsi çox nadir hallarda həll olunur və prezidentlik sistemində belə təsirin olacağını düşünmək boş xəyaldır.
Türkiyə rəsmisi əlavə edib ki, belə fantaziyaları xəyal edənlər olacaq, amma sistem bunları rədd edir. Uçum müxalifəti belə boş cəhdlərdən əl çəkməyə çağırıb.
Prezidentin müşaviri qeyd edib ki, 2028-ci ilə qədər davam edəcək seçkisiz dörd illik müddət ərzində Türkiyə bütün sahələrdə islahatlar siyasəti aparacaq:
“Prezident Ərdoğan müstəqil və güclü Türkiyəni yeni mərhələlərə aparacaq”.
Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) qabaqlayıb. Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının seçkilərdəki məğlubiyyətini qəbul edib və prosesi “demokratiyaya layiq” adlandırıb.
Seçkidən sonra CHP-yə bağlı media qurumları və bəzi siyasilər erkən prezident seçkiləri iddiası ilə çıxış etməyə başlayıblar.