Yunanıstanın paytaxtı Afina şəhərinin bələdiyyə sədri Haris Dukas türkiyəli həmkarı, İstanbul böyükşəhər bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunu təbrik edib.
Teleqraf.com xəbər verir ki, bələdiyyə seçkiləri ilə bağlı sosial media hesabında paylaşım edən Dukas qeydinə türkcə “İmamoğlunu təbrik edirəm” ifadəsi ilə başlayıb.
“Yenidən seçilməyiniz son dərəcə uğurlu vəzifə müddətinizi taclandırır. Sizin müasir və demokratik şəhər haqda təsəvvürünüz həm Türkiyə daxili, həm də onun hüdudlarından kənarda ilham mənbəyidir. Əminəm ki, əməkdaşlığımız ortaq dəyərlərimizə və şəhərlərimizin qarşısında duran yeni çağırışların həllinə dair öhdəliyimizə əsaslanaraq qüsursuz olacaq”, - Afina rəhbəri deyib.