Aprelin 19-da İranın İsfahan vilayətinə edilən hava hücumu təsadüfi deyildi.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin "Haber7" saytının analitiki Erkan Talu deyib.
"İranın İsfahandakı fəaliyyəti hər kəsə məlumdur. Əgər İsrail həqiqətən hücum edibsə, bu, Tehrana çox açıq mesajdır. Bu yolla İsrail açıq şəkildə “bir neçə raket və PUA ilə İranın hava hücumundan müdafiə sistemini keçə və istədiyi zaman strateji hədəfləri vura bilər” mesajını verir. İranın hücum zamanı atdığı yüzlərlə raket və PUA isə İsrailə yaxınlaşmadan məhv edilmişdi", - ekspert vurğulayıb.
Talu qeyd edib ki, İran İfahanın "ən yüksək səviyyədə müdafiə" olunduğunu iddia etsə də, İsrail bölgəni asanlıqla vurur:
"İran coğrafiyasının ortasında yerləşən İsfahan bəlkə də ölkənin ən yaxşı qorunan yeridir. Bu səbəbdən Tehran burada qurduğu baza və obyektlərdə bütün nüvə və gizli hərbi layihələrini davam etdirir. Təsadüfi deyil ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik aprelin 19-da baş verən hadisələrdən sonra bölgədəki nüvə obyektlərinə ziyan dəymədiyini açıqlamışdı.
İsfahanda PUA-lar və digər hərbi məhsulların istehsal olunduğu nüvə obyektləri, böyük aviabaza və zavodlar var. Təkcə İsfahanda bu sahədə müxtəlif hərbi layihələrdə 3 mindən çox mühəndisin çalışdığı düşünülür.
İranın ən tanınmış nüvə obyekti olan Natanz uran zənginləşdirmə zavodu bu bölgədə yerləşir. Cənub-şərqdə uranın saflaşdırılması həyata keçirilir. İsfahana yaxın Fordoda da nüvə obyekti var.
İsfahandakı obyektin tikintisinə 1999-cu ildə başlanılıb. Obyektə Çin tərəfindən təchiz edilmiş üç kiçik reaktor daxildir. Bundan əlavə, yanacaq istehsalı və İranın mülki nüvə proqramı ilə bağlı digər fəaliyyətlər də burada həyata keçirilir. 2011-ci ilin noyabrında bu obyektdə partlayış olması xəbəri o vaxt mətbuatda da öz əksini tapmışdı.
İsfahanda həmçinin İranın ABŞ istehsalı olan F-14 donanmasının yerləşdiyi böyük hava bazası var. Sözügedən döyüş təyyarələri 1979-cu ildə “İran inqilabı”ndan əvvəl alınıb. Aprelin 19-da baş verən partlayışlardan sonra bu bazadakı radar qurğusunun hədəfə alına biləcəyi ilə bağlı iddia dolaşır.
İsfahan və ətrafındakı silah istehsalı müəssisələri İran üçün eyni dərəcədə önəmlidir. Ötən il şəhərdəki silah istehsalı müəssisəsinə 3 PUA ilə hücum edilmişdi, İranın buna görə İsrailin məsuliyyət daşıdığını açıqlamışdı".
Ekspert əlavə edib ki, İran budəfəki hücuma görə İsraili ittiham etməsə də, əslində, Tehran qarşıdurmadan çəkindiyi üçün məsələni ört-basdır etməyə çalışır.