1 İyun 14:05
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monqolustanın keçmiş prezidenti və baş naziri Saxiaqiyn Elbeqdorj Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəyə gözlənilən səfəri ilə bağlı açıq bəyanatla çıxış edib.

Teleqraf.com xəbər verir ki, sabiq prezident ölkəsinə gələcəyi təqdirdə Belarus liderinin Ulan-Batorda həbs olunacağını bildirib.

Onun sözlərinə görə, Lukaşenkonun Monqolustana səfəri Kremlin layihəsini irəli sürmək və Ulan-Batoru Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv etmək cəhdləri ilə bağlıdır.

Sabiq prezident Lukaşenkonun Belarusda “bəşəriyyətə qarşı törətdiyi cinayətlər”ə işarə edərək, Monqolustanın Roma Statutuna üzvlüyünü və bu ölkənin Beynəlxalq Cinayətlər Məhkəməsində təmsilçi hakiminin olduğunu xatırladıb.

“Hazır olun, Lukaşenkonu Ulan-Batorda həbs gözləyir”, - Monqolustanın beynəlxalq ictimaiyyət qarşısında qanuni öhdəliklərini yerinə yetirəcəyinə ümid etdiyini bildirən siyasətçi vurğulayıb.

Elbeqdorj həmçinin Monqolustan Baş naziri Luvsannamsrayn Oyun-Erdeneni iyunda keçiriləcək parlament seçkiləri fonunda hakimiyyətini qoruyub saxlamaq üçün ümidsiz cəhddə ittiham edib.

Saxiaqiyn Elbeqdorj 2009-2017-ci il tarixlərində prezident kimi Monqolustana rəhbərlik edib. 1990-cı illərdə kommunist Monqolustan Xalq İnqilab Partiyasının 75 illik hakimiyyətinə son qoyan demokratik inqilabın liderlərindən biri olub. İki dəfə Monqolustan baş naziri, bir dəfə parlament sədrinin müavini, bir dəfə parlament çoxluğunun lideri, üç dəfə də deputat seçilib.

Liberal baxışları ilə tanınır. 2008-ci il avqustun 28-də partiyanın seçkilərdəki məğlubiyyəti, ardınca Ulan-Batorda baş verən iğtişaşlardan sonra Demokrat Partiyasının lideri vəzifəsindən istefa verib.

Ailəlidir, 25 övladı var, onlardan 20-si övladlığa götürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər