KTMT Ermənistandan təşkilatla münasibətlərin perspektivi ilə bağlı açıqlama tələb edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr xatırladır ki, dünən Almatıda KTMT Parlament Assambleyasının sessiyası keçirilib:
“Qurumun baş katibi İmanqali Tasmaqambetov bəyan edib ki, son bir ildə İrəvan təşkilatın tədbirlərində iştirakını xeyli azaldıb. Baş katib ümid etdiyini bildirib ki, Ermənistan rəhbərliyi KTMT ilə münasibətlərin perspektivlərinə aydınlıq gətirəcək.
Sessiyaya Ermənistandan heç kim qatılmayıb. Parlament əvvəllər olduğu kimi, bu gün də KTMT PA-nın işində iştirakdan imtina edir. Artıq iki ilə yaxındır Ermənistan KTMT ilə bağlı heç bir tədbirə qatılmır, sadə dillə desək, veclərinə almırlar. Amma üzvlük və öhdəliklərin davam etdiyini nəzərə alsaq, hansısa həssas durumda Ermənistandan aydınlaşdırma tələb edəcəklər.
Qərb ölkələri, xüsusən də ABŞ Ukraynaya Rusiya ərazisinə hücuma icazə verib, belə olan halda Rusiya müttəfiqlərdən öhdəliklərini yerinə yetirməyi tələb edərək KTMT Nizamnaməsinə müraciət edə bilər. Baş nazir Nikol Paşinyanın bununla bağlı KTMT-nin fəaliyyətində iştirak edib-etməyəcəyini söyləmək çətindir. Xüsusən də Qərbin istəyi ilə Rusiya ilə münasibətlərin pisləşdiyi vaxtda...
İndi KTMT belə bir qərar (Ukrayna ilə savaşa qatılma – red.) verərsə, Paşinyan cavab verməli olacaq. Məhz bu səbəbdən KTMT ilə münasibətlərin perspektivlərinə aydınlıq gətirilməsi tələb edilir”.
Məqalədə qeyd olunur ki, KTMT-dən çıxan Ermənistan Avrasiya İqtisadi Birliyindən də çıxmağa məcbur olacaq.
KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.