Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası parlamentə LGBT təbliğatını qadağan edən qanun layihələri təqdim edir.
Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın baş katibi Kaxa Kaladze məlumat verib.
O bildirib ki, parlamentə daxil olan qanun layihələri paketi yalnız təbliğatı məhdudlaşdırmağa yönəlib: "Biz bunu dəfələrlə bildirmişik ki, ölkədə dinindən, oriyentasiyasından asılı olmayaraq, hamının söz, ifadə azadlığı qorunur. Bütün insanların hüquqları və maraqları həmişə qorunacaq. Buna Gürcüstan hökuməti, bizim konstitusiya və qanunvericiliyimiz zamindir".
“Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihələri paketi bir əsas və 18 əlaqəli qanun layihəsindən ibarətdir.
LGBT təbliğatı, eynicinsli nikah, cinsiyyətin dəyişdirilməsi, eynicinsli cütlüklərin və ya heteroseksual olmayan şəxslər tərəfindən yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi, eləcə də eynicinsli intim münasibətlərin və insest münasibətlərin təbliğatına yönəlik bütün tədbir və kampaniyalara qadağa nəzərdə tutulub.
Həmçinin televiziyada eynicinsli şəxslərin intim səhnələrinin göstərilməsi qadağan olunacaq.
Qanun layihələri paketinə birinci oxunuşda baxılması iyunda planlaşdırılır.