Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən İYİ Partiyanın keçmiş sədri Meral Akşənərin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) keçəcəyi ilə bağlı iddia yayılıb.
Teleqraf.com xəbər verir ki, “CNN Türk” telekanalının əməkdaşı Diclə Canova sürpriz görüşün pərdəarxası məqamları ilə bağlı diqqətçəkən açıqlama verib.
Jurnalstin əldə etdiyi kulis məlumat belədir:
“Akşənər-Ərdoğan görüşündən sonra ailə üzvlərindən biri üçün səfirlik istədiyi və ya Akşənərin Cümhur İttifaqına (MHP-AKP) üzv ola biləcəyi ilə bağlı iddia səsləndirilir. Bunların doğru olub-olmadığını araşdırdım. Sədrliyi dövründə Meral Akşənərin yaxın kadrlarından biri və hələ də onunla sıx təmasda olan İYİ Partiyadan millət vəkili Burak Akburakla danışdım.
Akburak bildirdi ki, Akşənər hazırda adi bir partiya üzvüdür, heç bir rəsmi vəzifəsi yoxdur. Prezidentlə də, başqası ilə də görüşə bilər. Onun ailə üzvü üçün səfirlik istəməsi ilə bağlı iddialar yalandır, tamamilə uydurmadır. Görüş zamanı ona da heç bir təklif olmayıb. Prezident nəsə düşünüb deyə bilər, amma Meral Akşənərin belə bir gözləntisi yoxdur. Bu, elə bir görüş deyildi, ümumi məsələlər müzakirə olundu, Türkiyə, bələdiyyələr və konstitusiya haqda danışıldı”.