10 İyun 12:44
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya rəsmiləri və diplomatlarının Əfqanıstanda hakimiyyətdə olan Taliban qruplaşmasının rəhbərliyi ilə təmasları illərdir mövcuddur. Kreml yeni bir addıma da hazırlaşır. Rusiya hakimiyyəti Talibanı terror təşkilatları siyahısından çıxarmaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Kremlin Talibandan əsas istəyi Rusiya və tərəfdaşları olan Mərkəzi Asiya ölkələrinə təhlükə yaratmamasıdır:

“Çünki Əfqanıstanda hələ də müxtəlif terrorçu qruplar var ki, Mərkəzi Asiya ölkələrinə hücum planlaşdıra bilərlər. Taliban qonşularıyla münasibətlərdə problem istəmir. Ancaq Taliban bütün Əfqanıstana nəzarət edə bilmir.

Talibanın qonşu İran və Pakistanla münasibətlərinə ara-sıra problemlər olur, sərhəddə gərginlik yaşanır. Son belə gərginlik iyunun 7-də Əfqanıstan-Pakistan sərhədində qeydə alınıb. Pakistan hökumətinin qərarına görə, viza və pasportu olmayan Əfqanıstan vətəndaşlarına ölkəyə giriş qadağan edilib. Bu, əfqanlar arasında etiraza səbəb olub. Əvvəllər pakistanlılar və əfqanlar şəxsiyyət vəsiqələrini göstərərək sərhədi keçirdilər, bu, indi mümkün deyil”.

Mərkəzin ekspertləri qeyd edirlər ki, hazırda iki ölkə arasında sərhəddə gərginlik müvəqqəti azalsa da, bu, problemin köklü həllini yaxınlaşdırmayıb:

“Pakistan hökuməti ötən ilin noyabrında ölkə ərazisində sənədi olmayan əfqanların deportasiyasına qərar verib. Əvvəlcə Pakistan ərazisində kiçik cinayətlərə görə həbs olunan əfqanlar deportasiya olunub. Pakistanda 400 mindən çox qanunsuz əfqan mühacir müəyyən edilib. Ümumiyyətlə, son 40 ildə Əfqanıstandan Pakistana 4 milyondan çox qaçqın gəlib ki, onların da 1.7 milyonunun ölkədə yaşamaq üçün sənədi yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər