ABŞ Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya rəsmi səfəri və Pxenyanda koreyalı həmkarı Kim Çen Inla strateji tərəfdaşlıq sazişi imzalamasını tərəfdaşlığın genişləndirilməsi kimi qiymətləndirir.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter deyib.
Onun sözlərinə görə, bu, həm də Rusiyanın dünya səhnəsindəki yerini göstərir. Karpenter əlavə edib ki, Şimali Koreya, İran, Suriya və müəyyən dərəcədə Çin hazırda Kremlin ən yaxın tərəfdaşlarına çevrilib. Pekin Rusiyanı silahla təmin etməsə də, qabaqcıl silah sistemlərinin istehsalı üçün ikilitəyinatlı məhsullar göndərir.
“Xüsusilə, Rusiya hərbi sənayesi üçün barıt, optika və müxtəlif avadanlıqların istehsalı üçün nəzərdə tutulan nitroselülozun tədarükündən gedir. Bütün bunlar Ukrayna, ümumilikdə Avropanın təhlükəsizliyinə təhlükəni artırır. Bu, geniş mənada Rusiyanın bir araya gətirdiyi koalisiyadır”, - Ağ Ev rəsmisi vurğulayıb.