Dünya 1962-ci ildə SSRİ və ABŞ arasında baş vermiş Kuba raket böhranına bənzər yeni hərbi böhranın astanasındadır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törner deyib.
Onun sözlərinə görə, oxşar gərginlik Rusiyanın kosmosda nüvə silahı yerləşdirməsinə səbəb ola bilər.
Törner bildirib ki, Rusiya Yer kürəsinin aşağı orbitində nüvə silahı partlatsa, bu, sosial-iqtisadi sistemləri fəlakətli və dağıdıcı hücumla təhdid edəcək.
“Bu dəfə Kuba raket böhranına bənzər proses kosmosda təkrarlana bilər. Adiministrasiya (ABŞ hökuməti) geridönməz Sıfır Gününə doğru yuxuya gedib”, - konqresmen vurğulayıb.
Törner Bayden administrasiyasını rusların kosmosdakı nüvə fəaliyyətləri ilə bağlı çoxsaylı suallara cavab verməyə çağırıb və Ağ Evi problemi həll etməkdə acizlikdə günahlandırıb.
“Sıfır Günün qarşısını almaq olar. Təsəvvür edin, Kennedi Xruşşova Kubada nüvə silahı yerləşdirməyə icazə versəydi, dünya nə qədər fərqli olardı. Avropa azad olmayacaqdı, ABŞ Avropada Rusiyaya meydan oxumaqdan çox qorxardı”, - komitə sədri qeyd edib.
1962-ci ilin oktyabrında baş verən Kuba raket böhranı Soyuq Müharibənin ən kəskin anlarından biri oldu. Münaqişə Sovet İttifaqının ABŞ sahillərindən cəmi 145 kilometr aralıda yerləşən Kubaya nüvə raketləri yerləşdirməsi səbəbindən yaranmışdı. Bu, ABŞ-nin SSRİ-yə qarşı Türkiyə və İtaliyada nüvə raketləri yerləşdirməsinə cavab idi. Böhran Amerika kəşfiyyatının Kubada raket bazalarını aşkar etməsi və prezident Con Kennedinin növbəti silah daşınmasının qarşısını almaq üçün Kubanın blokadasını elan etməsi ilə başlamışdı.
Gərginlik o həddə çatmışdı ki, hər iki fövqəldövlət mümkün hərbi toqquşmaya hazırlaşırdı. Kennedi ilə SSRİ lideri Nikita Xruşşov arasında razılaşma əldə olunana qədər 13 gün ərzində dünya nüvə müharibəsinin astanasında dayandı. Sovet İttifaqı ABŞ-nin adaya girməyəcəyinə dair vədi və Amerika raketlərinin Türkiyədən gizli çıxarılması müqabilində Kubadan raketlərini geri çəkməyə razılaşdı. Kuba raket böhranı diplomatiyanın qələbəsi ilə başa çatdı və beynəlxalq münaqişələrin həllində rabitə və danışıqların əhəmiyyəti ilə bağlı hər iki ölkə üçün mühüm dərs oldu.