Suriyalı həmkarı Bəşər Əsədlə görüşə biləcəyi mesajını verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3-4 iyulda Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) toplantısına qatılacaq.
Teleqraf.com xəbər verir ki, Suriya liderinin ötən həftə Türkiyə ilə danışıqlara açıq olduğunu bəyan etməsi iki ölkə arasında normallaşma prosesinin başlayacağı ehtimalını artırıb.
“Diplomatik münasibətlərin qurulmaması üçün heç bir səbəb yoxdur. Keçmişdə necə bir yerdə idiksə, elə də davam edəcəyik”, - Ərdoğan Əsədə cavabında demişdi.
Ankara-Dəməşq xəttində normallaşma olub-olmayacağı ilə bağlı müzakirələr davam edərkən, bütün gözlər iyulun 3-4-də Astanada keçiriləcək toplantıdadır. Türkiyə təşkilatın dialoq tərəfdaşıdır, buna görə də Ərdoğan sammitdə iştirak edəcək. Bu kontekstdə onun ən kritik görüşü Rusiya Prezidenti Vladimir Putinlə olacaq.
Suriya ŞƏT-in üzvü deyil, odur ki, Astananın mümkün Ərdoğan-Əsəd görüşünün ünvanı olub-olmayacağı müzakirə mövzusuna çevrilib. Suriya liderinin bu ərəfədə belə bir görüşün təşkili üçün Putinlə təmasa keçib-keçmədiyi də maraq doğurur.
Ankara heç bir ilkin şərt olmadan normallaşma danışıqlarına hazırdır. Amma Türkiyənin paytaxtında addımların atılması gözlənilən üç əsas mövzu var:
Suriya rejimi terrorizmi dəstəkləməyi dayandırmalı və öz ərazisinə buraxmamalıdır;
Türkiyədə yerləşən suriyalıların qayıtmaları üçün şərait yaradılmalıdır;
Suriyadakı siyasi prosesdə, xüsusilə Cenevrədə yeni konstitusiya ilə bağlı aparılan işlərdə həllyönümlü iştirak təmin edilməlidir.
Liderlərin mümkün görüşünün Rusiyanın vasitəçiliyi ilə İraqda keçiriləcəyi də gözləntilər arasındadır. İraq variantını Dəməşqə Ankara təklif edib.
Bəs ilkin şərti “Türkiyə ordusu Suriyadan çıxmalıdır” olan Əsədin münasibət dəyişəcəkmi? Əsas məsələ bu sualın cavabındadır.