Uğursuz teledebatdan sonra dünya ABŞ Prezidenti Co Baydenin ikinci müddətə namizəd olub-olmamasını müzakirə edir. Əsas rəqibi Donald Trampla debatda Ağ Evin hazırkı sahibinin pis vəziyyətdə olduğu üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, “Bild” çoxsaylı sübutların bundan əvvəl də məlum olduğunu yazır.
Bununla əlaqədar olaraq, nəşr Almaniya Kansleri Olaf Şolzla bu yaxınlarda müsahibəni xatırladır.
Şolz nəşrin ABŞ prezidentinin durumu ilə bağlı suala belə cavab vermişdi: “Co Bayden çox aydın bir insandır, nə etdiyini aydın bilir. Beynəlxalq siyasətdən danışırıqsa, o, planetin ən təcrübəli siyasətçilərindən biridir”.
Almaniya kansleri 81 yaşlı demokratın seçkidə qalib gələcəyini də söyləmişdi.
Məqalə müəllifi əmindir ki, Baydenlə son görüşü zamanı Şolz dünyanın ən güclü liderlərindən birinin fiziki və psixi durumunun nə qədər pis olduğunu görməyə bilməzdi.
“Kansler Şolz hər şeyi bilir, amma Co Bayden barədə artan şübhələri açıq şəkildə şərh edə bilməz. NATO, Avropa Birliyi, Yaxın Şərqdəki münaqişə, Çinlə mübahisə və Ukraynadakı müharibə ilə bağlı çox şey, həmçinin Trampın dayandırılıb-dayandırılmayacağı Baydenin ayağa qalxmasından asılıdır. Buna görə Şolz (Bayden barədə) pis bir şey eşitmək istəmir”, - təhlildə vurğulanır.
“The Economist”in məlumatına görə, ABŞ-nin hazırkı prezidenti Co Bayden Ağ Evin keçmiş rəhbəri Donald Trampla ilk debatda uğursuz çıxışa baxmayaraq, seçkidən geri çəkilməyəcək. Amma Bayden uğursuz debatdan sonra sponsorların dəstəyini itirir. “Financial Times” yazır ki, artıq bəzi donorlar Bayden geri çəkiləcəyi təqdirdə kimə dəstək verə biləcəklərini düşünürlər. ABŞ analitiklərinə görə, Bayden bu durumda seçkilərə qatılsa, Trampa məğlub olacaq.