Almaniyanın ev sahibliyi etdiyi AVRO 2024-ün matçında türk futbolçu Merih Demiralın vurduğu qolu bozqurd işarəsi ilə qeyd etməsindən sonra Ankara ilə Berlin arasında yaranan gərginlik getdikcə artır.
Teleqraf.com xəbər verir ki, dünən Türkiyənin Almaniya səfirini Xarici İşlər Nazirliyinə çağırmasından sonra Berlin bu gün eyni addımı atıb.
Almaniyanın daxili işlər naziri Nensi Fazerin “Türk radikal sağçılarının simvollarına stadionlarımızda yer yoxdur” deməsi və UEFA-ya sanksiya çağırışından sonra dünən Berlinin Ankaradakı səfiri Yurgen Şuls XİN-ə çağırılıb.
Bu gün Almaniya Xarici İşlər Nazirliyinin Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şeni nazirliyə çağırdığı açıqlanıb. XİN-in sözçüsü bildirib ki, səfir bozqurd işarəsi məsələsinə görə çağırılıb.