Almaniya xarici işlər naziri Annalena Berbokun iyulun 8-nə Macarıstana planlaşdırılan səfəri ləğv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi Berlin Macarıstan tərəfinin Berbokun Macarıstan xarici işlər naziri Peter Siyarto ilə görüşünü ləğv etdiyini açıqlayıb. Bəyanatda Almaniya tərəfinin görüşün ləğv edilməsindən təəssüfləndiyi bildirilib.
“Baş nazir Orbanın Moskvaya gözlənilməz və razılaşdırılmamış səfəri baxımından iki xarici işlər nazirinin ciddi və dürüst görüşü önəmli olardı”, - Almaniya XİN qeyd edib.
Macarıstan Baş naziri Viktor Orban dünən Moskvaya səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Macarıstan liderinin Moskvaya səfəri Avropa Birliyi (AB) Şurasının sədri Şarl Mişel və AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel tərəfindən tənqid edilib. ABŞ hökuməti və NATO da səfərə sərt reaksiya verib.
AB Komissiyasının sözçüsü Erik Mamer Orbanın Moskvaya səfəri ilə bağlı Brüsselə məlumat vermədiyini deyib.
Avropa Birliyinə sədrlik 6 ay müddətinə Macarıstana keçib. Orban bu çərçivədə əvvəlcə Ukrayna, ardınca Rusiyaya səfər edib. Macarıstan lideri Rusiyanın paytaxtına AB sədri kimi gəldiyini söyləsə də, Brüssel bəyanat yayaraq Orbanın dediklərini yalanlayıb.