Amerikalı qanunvericilər ABŞ şirkətlərinin Çindəki aktivləri və bizneslərini açıqlamasını, o cümlədən Pekin Tayvanı ələ keçirəcəyi təqdirdə yaranacaq iqtisadi itkiləri hesablamağı tələb edən qanun layihəsi təklif ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, bu şirkətlər ABŞ və Çin arasında ikitərəfli ticarətin 80 faizdən çox azalması və ya ikili istifadə tətbiqləri ilə malların ticarətinin tamamilə dayandırılmasını nəzərdən keçirməlidir:
“Vaşinqton Çinlə iqtisadi münasibətlərin bütün mümkün mənfi ssenarilərinə hazırlaşarkən, bu ölkənin qonşusu olan Monqolustanla sıx tərəfdaşlıq münasibətləri qurmağa çalışır. ABŞ dövlət katibi Entoni Blinkenin bugünlərdə Monqolustana səfəri bundan xəbər verir. Monqolustan Prezidenti Blinkenlə görüşdə demokratiya və bazar iqtisadiyyatına keçiddə ölkəsinə dəstək verdiyinə görə ABŞ-yə minnətdarlığını bildirib.
Bu açıqlama Ulan-Batorun “üçüncü qonşu” siyasətinə uyğundur. Bu siyasətin mahiyyəti odur ki, Monqolustan iki qonşusu Rusiya və Çinlə sıx tərəfdaşlığına rəğmən, ABŞ, Avropa və Yaponiya ilə də əlaqələrini gücləndirməyə çalışır. Bu, Monqolustana bu ölkələrdən yatırımlar əldə etmək üçün vasitədir. Bununla Ulan-Bator Qərblə Şərq arasında balans yaratmış olur. Monqolustan zəngin mineral resurslara malikdir. ABŞ və Yaponiya bu resurslardan istifadə etmək istəyir”.
Mərkəzin ekspertləri bildirirlər ki, Vaşinqtonla tərəfdaşlıq edən ölkələr ABŞ-də prezident seçkisindən sonra xarici siyasətin dəyişməyəcəyinə ümid edirlər:
“Blinkenin Asiya ölkələrinə səfər proqramı məhz tərəfdaşları sakitləşdirmək məqsədi daşıyırdı. Yaponiya xarici işlər naziri Yoki Kamikava qeyri-dost ölkələrin beynəlxalq qaydaları pozmağa çalışdıqlarını söyləyib. Tokionun ümidi onadır ki, ABŞ prezident seçkisindən sonra da tərəfdaşlarının təhlükəsizliyinə diqqəti azaltmayacaq”.