13 Avqust 15:59
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvan adası ətrafında vəziyyət yenidən gərginləşib. Çin Xalq Azadlıq Ordusunun Tayvan boğazı yaxınlığında 18 hərbi təyyarəsinin uçduğu və 8 hərbi gəmisinin üzdüyü müşahidə edilib. Bununla yanaşı, başqa təhlükə barədə də danışılır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin analitikləri “Taiwan News” nəşrinə istinadla bildirirlər ki, Çin Tayvana qarşı elektron müharibəyə hazırlaşır:

“Bu, nə deməkdir? Tayvan hərbi komandanlığının iddiasına görə, Çin adanın idarəetmə sistemlərinə müdaxilə edə biləcək tamspektrli tıxanma və kommunikasiyanın pozulması da daxil olmaqla, təkmilləşdirilmiş elektron müharibə imkanlarına malikdir. Elektron müharibə dronlar vasitəsilə həyata keçiriləcək.

Çinin arsenalında yenilənmiş PUA-lar var. Çin dronları tez-tez Tayvan və Yaponiyanın hava hücumundan müdafiə zonalarına daxil olurlar. Yaponiya Müdafiə Nazirliyi Miyako boğazı üzərində həmin PUA-ların şəkillərini çəkib. Dronlar Şərqi Çin dənizindən Okinava ilə Miyako adaları arasındakı hava məkanına uçaraq, Sakit okeanın qərbinə çatıb, sonra eyni marşrutla geri qayıdıb.

Yaponiya Çinin təkmilləşdirilmiş PUA-larına qarşı əks tədbirlər görməyə başlayıb. ABŞ də Çinin təkmilləşdirilmiş dronları barədə məlumatlıdır. Bu dronların Tayvanın hava məkanına daxil olaraq elektron müharibə apara biləcəyi bəllidir”.

Məqalədə qeyd olunur ki, dünyadakı müharibələrin xarakteri dəyişib:

“Pilotsuz uçan aparatlar müharibənin gedişatını dəyişəcək gücə sahibdir. Azərbaycan ordusu qəhrəmanlıq nümayiş etdirərək torpaqları azad etdi, eyni zamanda, PUA-larla separatçılara ağır zərbələr endirdi. Rusiya-Ukrayna müharibəsində də dronların üzərinə böyük yük düşüb. Çin də bu təcrübədən istifadə edərək, Tayvanı nəzarətə götürmək üçün PUA-ların təkmilləşdirilməsinə xüsusi önəm verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər