Suriyada hava hücumu zamanı aldığı xəsarətlər nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşaviri, polkovnik Əhməd Rza Əfşari ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Əfşarinin Suriyaya hücum edən ABŞ liderliyindəki koalisiya qüvvələrinin həyata keçirdiyi hava hücumundan sonra - bir neçə gün əvvəl müalicə məqsədilə Tehrana gətirildiyi bildirilib.
Hücumun dəqiq tarixi verilmir, amma İran mediası Əfşarinin iyulun sonu - avqustun əvvəlində xəsarət aldığını yazır.
Həm İsrail, həm də ABŞ son aylarda Suriyada İranın mövqeləri və Tehranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı hava hücumları həyata keçirib.
Suriya dövlət mediası keçən həftə İsrailin Hums vilayəti yaxınlığına endirdiyi zərbə nəticəsində 4 hərbçinin yaralandığını, maddi itkilərin olduğunu bildirmişdi. Zərbə İsrailin Suriyadan Livana keçən “Hizbullah” konvoyuna hücumundan təxminən bir həftə sonra baş verib.