ABŞ hərbçiləri Suriyada PKK terror təşkilatının qanadı SDQ-yə “Avenger” hava hücumundan müdafiə raketlərindən istifadə ilə bağlı təlim keçirməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriyadakı mənbələrə istinadla “The Cradle” məlumat yayıb.
Nəşr yazır ki, təlimlərdə məqsəd SDQ-ni sözügedən sistemlərlə təmin etməkdir. Mənbələr bu addımın həm də ABŞ-ın Suriyaya müdaxiləsinə birbaşa sübut olduğuna diqqət çəkir.
“Qəzzadakı savaşdan öncə və sonra İran yaraqlılarının Suriyadakı ABŞ bazalarına hücumları, həmçinin Tehran və “Hizbullah”dan İsrailə gözlənilən cavab Vaşinqtonu yenidən hesablama aparmağa vadar edib”, - Suriyadakı mənbə nəşrə deyib.
Məlumata görə, “Avenger” sistemləri ABŞ tərəfindən 2021-ci ilin fevralında ölkəyə gətirilib. “Avenger” helikopterlər, PUA-lar və alçaqdan uçan təyyarələr kimi aşağı hündürlükdə hava təhlükələrinin qarşısını almaq üçün nəzərdə tutulmuş qısamənzilli sistemdir. Nəşr bölgədəki ərəb tayfalarının SDQ-yə silahlı etirazları zamanı PKK-ya verilən hərbi aviasiya dəstəyinə də diqqət çəkib. Bundan sonra ABŞ terror təşkilatına bir neçə müdafiə sistemi verib.
ABŞ ordusunun təqaüdçü polkovniki Duqlas Makqreqor bundan əvvəl ölkəsinin PKK-nı Türkiyəyə qarşı hücuma hazırlaşdığını etiraf etmişdi.
ABŞ iyulda da Suriyanın şimal-şərqində yerləşən PKK/YPG-yə qısamənzilli hava sistemləri göndərib. ABŞ ordusuna aid zirehli maşınlar da daxil olmaqla 40 texnikadan ibarət konvoy Hasəkədəki bazada yerləşdirilib. Amerikalıların bölgəyə silah-sursatla yanaşı, İraqdan terrorçu qüvvə də gətirdiyi bildirilib.
Türkiyə dəfələrlə terror təşkilatına dəstəyin dayandırılması üçün ABŞ-a etiraz edib.