Pavel Durovun Fransada həbsindən 6 il əvvəl , 2018-ci ildə ölkə Prezidenti Emmanuel Makron onunla şam yeməyində görüşüb və Teleqramın baş ofisini Parisə köçürməyi təklif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadla yazır.
ABŞ nəşri bildirir ki, Durov Fransa liderinin təklifindən imtina edib. Həmçinin, həmsöhbətlərdən biri söyləyib ki, Makron hətta buna görə ona Fransa vətəndaşlığı təklifi də verib.
Durov artıq bura qədər Fransa hakimiyyətinin diqqətini çəkmişdi. WSJ-nin məlumatına görə, 2017-ci ildə Fransa kəşfiyyatı Birləşmiş Ərəb Əmirlikləri ilə birgə əməliyyat zamanı Durovun “iPhone”unu sındıraraq hədəfə alıb. İddiaya görə, Fransa İŞİD-in muzdluları cəlb etmək və terror hücumları planlaşdırmaq üçün Teleqramdan istifadə etməsindən son dərəcə narahat olub.
Nəşr vurğulayır ki, Durovun həbsi Avropada iri rəqəmsal şirkətlərin cəmiyyətlər üçün yaratdığı təhlükə ilə bağlı artan narahatlığı göstərir:
“Hakimiyyət Teleqram, X, TikTok və digər platformaların dezinformasiya yaymasından, antisemitizm və irqçiliyə təhrik etməsindən, eləcə də qeyri-qanuni ticarətə icazə verməsindən qorxur. Bu il imzalanmış Fransa qanunu onlayn platformaları bu cür məzmunların qarşısını almaq üçün aidiyyəti qurumlarla əməkdaşlıq etməyə məcbur edir”.
Həmçinin, Durova yaxın mənbənin sözlərinə görə, şirkət illərdir hüquq-mühafizə orqanları tərəfindən göndərilən və nadir hallarda yoxlanılan şirkətin elektron poçt ünvanlarında yığılmış çağırış vərəqələrinə məhəl qoymayıb.
“Makronla ilk danışıqlar və ya Durovun telefonunun sındırılmasının onun saxlanılmasında rol oynadığına dair heç bir əlamət olmasa da, bu detallar Durovun Fransa və BƏƏ ilə münasibətlərinə yeni işıq salır”, - WSJ əlavə edir.