İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədr müavini Abbas Muğtadayi Məsud Pezeşian hökumətini diqqətini qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılmasına yönəltməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, deputat ölkənin iqtisadi artım hədəflərinə çatmaq üçün qonşularla əlaqələrin gücləndirilməsinin vacib olduğunu bildirib.
“İranın xarici siyasətində prioritet qonşu dövlətlərlə əlaqələri gücləndirmək və yaxşılaşdırmaq olmalıdır”, - Muğtadayi deyib.
Ermənistan istisna olmaqla, İranın digər qonşuları ilə münasibətləri o qədər də rəvan getmir. Problemlər də İranın yersiz iddiaları və ambisiyasından qaynaqlanır.
İran-Ermənistan münasibətlərinin yaxın olmasına gəlincə, bunun birbaşa Azərbaycan və Türkiyə ilə əlaqəli olmasına şübhə yoxdur. Azərbaycan və Türkiyə arasında Ermənistan maneəsi İranın marağındadır, Zəngəzur dəhlizinin açılmasını Tehranda buna görə istəmirlər.