18 Sentyabr 12:38
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail kəşfiyyatı (MOSSAD) “Hizbullah” terror təşkilatının 5000 peycerinə (Tayvan istehsalı) partlayıcı yerləşdirə bilərdi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumatlı mənbələrə, o cümlədən Livanın təhlükəsizlik orqanlarına istinadla yazıb.

Mənbələrdən birinin dediyinə görə, “Hizbullah” partlayışlardan aylar əvvəl Tayvan şirkətinə 5000 peycer sifariş verib. “Reuters” bildirir ki, qurğular ölkəyə yazda gətirilib. Agentliyin mənbələrinin fikrincə, İsrail kəşfiyyatı qurğulara partlayıcı maddə yerləşdirə bilərdi.

“Hətta hər hansı bir cihaz və ya skanerin köməyi ilə bunu aşkar etmək çox çətindir”, - mənbə söyləyib. Onun sözlərinə görə, 3 min peycer onlara xüsusi şifrəli mesaj göndərildikdən sonra eyni vaxtda aktivləşdirilib və partlayıb.

Başqa bir məlumata görə, peycerlərdə 3 qram partlayıcı maddə gizlədilə bilərdi.

“The Wall Street Journal”ın mənbələri də deyirlər ki, partlayan peycerlərin çoxu bu yaxınlarda alınıb. Mənbələr iddia edirlər ki, bəziləri partlayışdan əvvəl peycerlərin qızdığını hiss edib və onları vaxtında kənara atıblar.

Dünən axşam saatlarında Livanın paytaxtı Beyrutda baş verən partlayışlarda azı 9 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Yaralananlar arasında İran səfiri Müctəba Əmani də var. Olaylara görə İran və Livanda İsrail ittiham edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər