Demokratlar Partiyasının namizədi Kamala Harris ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə İranla nüvə müqaviləsini bərpa etməyə və ya yeniləməyə çalışacaq.
Teleqraf.com xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi deyib.
AEBA rəhbərinin sözlərinə görə, Harris mümkün duruma uyğun olaraq, buna hazırdır.
Respublikaçı namizəd Donald Tramp qalib gələcəyi təqdirdə belə bir şeyin baş verib-verməyəcəyini Qrossi bilmir.
İran Prezidenti Məsud Pezeşkian bundan öncə bəyan etmişdi ki, Tehran nüvə silahı əldə etməyə can atmır, əksinə, nüvə razılaşmasının icrasına tam şəkildə qayıtmağa hazırdır.
Müqavilə 2015-ci ildə İran, Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa arasında imzalanıb. Anlaşma çərçivəsində İrana qarşı sanksiyalar yumşaldılmışdı. Amma 2018-ci ildə o vaxtkı ABŞ Prezidenti Donald Tramp ölkəsinin sazişdən çıxması barədə qərar qəbul edib. Trampın ardınca Co Bayden administrasiyası razılaşmaya qayıtmağa hazır olduğunu dəfələrlə bəyan etsə də, indiyədək bu baş verməyib. Sonuncu dəfə 2022-ci ildə bu istiqamətdə danışıqlar aparılıb.