11:46
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərq bir ilə yaxındır irimiqyaslı müharibə astanasındadır, amma indi ən təhlükəli məqamdır. İsrailin Qəzza, Yəmən və Livana hücumları uzun müddətdir davam edən çəkindirmə strategiyasının pozulduğunu göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News” yazır.

Mənbə xatırladır ki, İran bölgədəki müttəfiqlərinə İsrailin hücumuna “güclü cavab” verəcəyini vəd etsə də, Tehranın əzəli düşməninin gücünü səhv qiymətləndirdiyi bəlli olur.

İsraillə üz-üzə qalan İran rejimi nüvə obyektlərinin Təl-Əvivin siyahısında növbəti hədəf olub-olmayacağı şübhəsi içindədir.

Portal qeyd edir ki, əvvəllər İsraili birbaşa İrana hücumdan çəkindirən qaydalar “Hizbullah” liderinin öldürülməsindən, Qəzzada HƏMAS-ın böyük ölçüdə məhv edilməsindən və Yəməndəki Husi hədəflərinə irimiqyaslı hava hücumlarından sonra pozulub.

İranın ən qiymətli sığortası hesab edilən “Hizbullah”a sarsıdıcı zərbə vuran İsrail ordusu artıq Livana müdaxilə edib.

Hadisələrin sürəti və intensivliyi bundan sonra nə olacağını təxmin etməyi qeyri-mümkün edir. Bununla belə, İran üçün prioritet çəkindirmə qabiliyyətini bərpa etmək olacaq, amma bəlkə də daha gecdir.

İsrailin addımları Tehranın “müqavimət oxu”nun – İran tərəfindən maliyyələşdirilən, təchiz edilən və təlimləndirilən və maraqlarına xidmət edən silahlı qruplaşmaların kifayət qədər güclü qüvvəyə çevrildiyi regionda qüvvələr balansında əsaslı dəyişikliyə nail olmağa yönəlib.

Britaniyalı analitik Metyu Savil deyir ki, İran İsraillə açıq müharibəyə getməmək üçün planlarını tənzimləmək üzrə bir “xarakter”ə malikdir:

“Görünən budur ki, İran İsrailin yaratdığı şok və təhlükə səviyyəsini nəzərə alaraq, 7 oktyabrdan sonra nə dərəcədə riskə getməyə hazır olub-olmadığı barədə səhv qiymətləndirmə aparıb. “Müqavimət oxu” adlandırılan şey İrana hücumların qarşısını almaq üçün nəzərdə tutulub. Amma İran çətin ki, tərəfdaşlarının maraqları naminə birbaşa müharibəyə başlamağa risk etsin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər