ABŞ Dövlət Departamenti “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməzdən əvvəl atəşkəs təklifini qəbul etməsindən xəbərsiz olduqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə qurumun sözçüsü Metyu Miller açıqlama verib.
Livan xarici işlər naziri Abdullah Buhabib Nəsrullahın öldürülməzdən əvvəl atəşkəs planını qəbul etdiyinə dair açıqlamasını xatırladan Miller deyib: “Əgər bu doğrudursa, heç bir şəkildə bizə bildirilməyib. Bunu qəbul edib-etmədiyini, Livanda kiməsə deyib-demədiyini bilmirəm. Açığını deyim ki, bu, bizim xəbərimiz olmayan bir şeydir”.
Miller atəşkəslə bağlı təkliflərin çatdırılması üçün “Hizbullah”la bir neçə görüş keçirdiklərini söyləyib.
“Düşünürəm ki, bütün tərəflər bizim irəli sürəcəyimiz təkliflərdən xəbərdar idilər. Amma bu danışıqlarda heç vaxt “Hizbullah”ın bunu qəbul etdiyi və ya edəcəyi, yaxud Nəsrullahın özünün bunu qəbul etdiyi barədə heç bir mesaj almadıq”.