Qərb daxili münaqişələri qızışdırır və Gürcüstanda rəngli inqilab həyata keçirməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 20-ci iclasında çıxışı zamanı deyib.
“Kollektiv Qərb çirkli geosiyasi texnologiyalar - irimiqyaslı informasiya müharibələrinin təşkilindən tutmuş, indi Gürcüstanda etməyə çalışdıqları kimi, birbaşa rəngli inqilabların başlanmasına qədər müxtəlif vasitələrdən istifadə edərək, daxili münaqişələri və gərginlik ocaqlarını təhrik edir”, - deyə Lavrov qeyd edib.
O vurğulayıb ki, Qərb bu məqsədlə ölkələrin daxili resurslarından da istifadə etməyə üstünlük verir:
“İş o yerə çatıb ki, qərblilər öz dağıdıcı geosiyasi planlarını, o cümlədən MDB məkanında həyata keçirmək üçün ekstremist qüvvələrin resurslarına əl atırlar”.
Tədbirdə çıxış edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin də bildirib ki, Gürcüstan Qərbin növbəti rəngli inqilab cəhdi ilə üz-üzədir: “Bu gün Tiflis daha bir rəngli inqilab, yəni dövlət çevrilişi cəhdi ilə üz-üzə qalıb, ümid edək ki, Qərbin əvvəllər Belarus və Qazaxıstanı alt-üst etmək üçün sınaqdan keçirdiyi bu cəhdlər bu dəfə də alınmayacaq”.
O qeyd edib ki, əvvəlcə, Qərbə rəğbət bəsləyən Gürcüstan hakimiyyəti belə bir oriyentasiyanın zərərli olduğunu vaxtında anlayıb: “Hakim “Gürcü Arzusu” Partiyası ultra-liberal gündəmdən uzaqlaşıb və gürcü cəmiyyətinin milli maraqlarını, adət-ənənələrini və dəyərlərini müdafiə edir, amma Qərb heç vaxt öz qurbanlarını belə asanlıqla buraxmır”.