Rusiya həmişə Ermənistanla Azərbaycan arasındakı problemlərdən sui-istifadə edib.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qrayr Manukyan deyib.
“Ruslar Ermənistanla Azərbaycan arasında olan problemlərdən sui-istifadə edirlər, ya da regionda təmsilçiliklərini təmin etmək üçün iki ölkəni üz-üzə qoyurlar. Rusiya XX əsrin əvvəllərindən başlayaraq, (Ermənistanda) radikal millətçi qüvvələri davamlı olaraq sıxışdırır ki, sonradan burada öz mövqelərini təmin edə bilsin. Buna görə də, ötən əsrin əvvəlindən ermənilərlə türklər arasında münaqişə yaşanır”, - deyə ekspert qeyd edib.
Manukyanın sözlərinə görə, Bakı və İrəvan Moskva olmadan yaxşı anlaşa bilir:
“Məsələn, sərhədlərin delimitasiyası prosesinin başlaması Ermənistanla Azərbaycan arasında birbaşa razılaşmaların nəticəsidir. Bu da onu göstərir ki, iki ölkə oturub bir-biri ilə danışa, razılığa gəlib, bunu həyata keçirə bilir.
Rusiya isə birbaşa olmasa da, dolayısı ilə deyir ki, ermənilərlə azərbaycanlıların bir-birləri ilə necə anlaşacağına, yaxud məsələlərin necə həll olunacağına o qərar verməlidir”.
Manukyan qeyd edib ki, Rusiya etibarlı vasitəçi olmadığı kimi, Ermənistan üçün sadiq müttəfiq də deyil:
“Ermənistan bu ölkə ilə təhlükəsizlik sektorunda əməkdaşlığı dərinləşdirməyə davam etməməlidir. Həmçinin reallıq budur ki, son illərdə Ermənistan Avropa İttifaqı, Hindistan və İranla münasibətlərini ciddi şəkildə dərinləşdirib, yəni alternativlərimiz var”.