Avropa Parlamentinin sədri Martin Şults Yunanıstanın Baş naziri Aleksis Tsiprasın Moskvaya səfəri əsnasında Afinanı Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yönələn vahid istiqamətindən kənara çıxmağın yolverilməzliyi barədə xəbərdarlıq edib. Bu barədə Martin Şults “Munchner Merkur” qəzetində bu gün dərc edilən məqaləsində bildirib.
Euronews telekanalına istinadla xəbər verir ki, “Welt” qəzetinə müsahibəsində Yunanıstanın avrozonadan çıxmasının faciəyə səbəb olmayacağını vurğulayan Avropa Parlamentinin xarici məsələlər üzrə komitəsinin rəhbəri Elmar Brok Afina ilə Moskva arasında əməkdaşlığın inkişafının Aİ-nin xarici siyasətinə və təhlükəsizliyinə xələl gətirə biləcəyini deyib.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvaya işgüzar səfər edən Aleksis Tsiprasla görüş keçirəcək. Yüksək səviyyədə keçiriləcək danışıqlarda iki ölkənin əməkdaşlığına dair geniş məsələlər üzrə, o cümlədən iqtisadiyyat, ticarət, investisiya, həmçinin mədəni-humanitar sahələrində müzakirələrin aparılacağı planlaşdırılır. Danışıqların yekununda bir sıra ikitərəfli sənədlərin imzalanacağı və liderlərin jurnalistlərin suallarını cavablandıracağı gözlənilir.
Prezidentin mətbuat katibi Dimitri Peskov görüşdə digər məsələlərlə yanaşı, kənd təsərrüfatı məhsullarına qoyulan embarqo mövzusunun müzakirə olunacağını da istisna etməyib. “Ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq mövcuddur. Rusiyanın Avropa İttifaqının sanksiyalarına cavab olaraq bəzi məhsullara qoyduğu embarqo nəticəsində biz bu sahədə mal dövriyyəsinin azaldığını qeydə alırıq”, - deyə Peskov bildirib.