27 Aprel 2015 13:17
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

74 yaşlı Nursultan Nazarbayev yenidən - beşinci dəfə Qazaxıstanın prezidenti seçildi. 1989-cu ildən bu yana ölkəyə rəhbərlik edən Nazarbayevin Qazaxıstanla bağlı hələ də həyata keçməyən arzuları var. Onlardan biri Qazaxıstanın inkişaf etmiş 30 ölkə siyahısına düşməsidir.

Qeyd edək ki, dünən Qazaxıstanda erkən seçkilər keçirilib. Bu ilin fevralın 14-də prezident yanında məşvərət orqanı olan Qazaxıstan Xalqları Assambleyası (QXA) ölkədə vaxtından əvvəl prezident seçkiləri keçirmək təşəbbüsü ilə çıxış etmişdi. QXA şurası üzvləri irəli sürdükləri təşəbbüsü "dünyada vəziyyətin mürrəkəbləşməsi və ölkənin qlobal sınaqlardan uğurla keçməsi üçün prezidentə ümumxalq etimadı mandatının verilməsi" ehtiyacı ilə əsaslandırmışdılar.

Seçkidə Nazarbayevlə rəqabəti iki namizəd aparıb. Onlar Qazaxstan Kommunist Partiyasından 67 yaşlı lideri Turqun Sizdikov və 63 yaşlı müsyəqil namizəd Abelqazı Kusainovdur. Nazarbayev rəqiblərini 97,7 faiz səslə geridə qoyub.

N.Nazarbayevin yenidən prezident seçilməsini dəyərləndirən politoloq Qabil Hüseynlinin sözlərinə görə, qazaxların seçiminin Nazarbayev olmasına heç bir şübhə ola bilməz: "Düzdür, demokratiya, şəffaf seçki mühiti ilə bağlı Qazaxıstanda problemlər var. Real müxalifət qüvvələri təqib olunur, seçkiləri boykot edir və s. Amma heç kəsə sirr deyil ki, Qazaxıstanda mütləq əksəriyyət Nazarbayevin prezident olmasını istəyir. Onlara elə gəlir ki, başqası hakimiyyətə gəlsə, ölkə dağılacaq, xaos, aclıq hökm sürəcək".

Politoloq hesab edir ki, N.Nazarbayevin Qazaxıstan üçün etdiyini başqaları bacara bilməzdi: "O, sovet vaxtı yetişən, Kremlin siyasətini yaxşı bilən peşəkar siyasətçidir. SSRİ-nin dövründə ölkənin paytaxtı Almatı idi, şimalda isə ruslar üstünlük təşkil edirdi. Nazarbayevin sayəsində dünyada yaşayan uyğurlar və qazaxların ölkəyə dönüşü təmin edildi. Üstəlik paytaxt Almatıdan Astanaya köçürüldü.

"Astana" sözü "başlanğıc", "ayaq qoyulan yer" anlamını verir. SSRİ-nin vaxtında Qazaxıstan hakimiyyətinin cəmi 17 faizi yerli kadrlardan ibarət idi, indi isə bu göstərici 97-98 faizdir. Ölkədə əmin-amanlıq, həyat səviyyəsi yüksəkdir. Ölkə mədən sənayesi sahəsində böyük uğurlara imza atıb. Xəzər dənizində kəşf edilən Kacaqan quyusu dünyanın ən zəngin yataqlarından biri hesab olunur. Neft-qaz ölkəsi olan Qazaxıstanda geniş əkin sahələri mövcuddur. Yaxın 5-6 il ərzində bu türk dövləti inkişaf səviyyəsinə görə Avropa ölkələrinin siyahısında yer ala biləcək. Əlbəttə ki, Nazarbayevi demokratiya məsələsinə görə tənqid etmək olar. Bütün bu mübahisələrə, subyektiv qiymətləndirmələrə baxmayaraq, Qazaxıstanın bu günkü inkişafı Nazarbayevin adı ilə bağlıdır".

Ruslan


Müəllif:

Oxşar xəbərlər