Dünyaca məşhur “EURONEWS” telekanalı Azərbaycanda baş tutacaq «Bakı-2015» Birinci Avropa Oyunları ilə bağlı reportaj hazırlayıb.
Teleqraf.com xəbər verir ki, telekanal Bakının və iştirakçıların oyunlara hazırlaşması, təşkilatçılıq və digər məsələlərə diqqət çəkib.
İlk olaraq boks üzrə dünya çempionu Cavid Çələbiyevin «Bakı 2015»ə hazırlıqları lentə alınıb. Çələbiyev verdiyi açıqlamada Avropa Oyunlarında tarixə düşməyi hədəflədiyini deyib: “Uğur psixoloji hazırlıq tələb edir. Təcrübə də burada çox əhəmiyyətlidir. Mən dünya çempionuyam və lazımi təcrübəyə malikəm. Avropa Oyunlarını qazanmaq üçün də hazıram”.
Kanal Birinci Avropa Oyunlarının Əməliyyat komitəsinin əməliyyatlar üzrə direktoru Saymon Kleqin yarış haqqında fikirlərini də işıqlandırıb: “Kifayət qədər işlər görülüb. Ancaq bu o demək deyil ki, işlərimiz bitib. Böyük bir beynəlxalq əməliyyat hazırlayırıq”.
Açılış mərasiminin bədii rəhbəri Dimitris Papaioannou da yarışların möhtəşəm olacağından danışıb: “Çox təsirli açılış gerçəkləşəcək. Çox poetik olacağını düşünürəm. Mənim məqsədim yerli mədəniyyətin ssenaridə öz əksini tapmasıdır. Fikrimcə, möhtəşəm olacaq”.
Telekanal oyunlara bilet satışına sorumlu olan Mircam Boatajın fikirlərini öyrənib: “Oyunların açılış mərasiminə ən bahalı bilet 200 manatdır. Hazırda biletlərin 80 faizi satılıb. Ümumilikdə oyunlara 600 min bilet hazırlanıb”.
Yayımlanan video-reportajda Bakının bu hazırlıqları ilə Avropanın idman paytaxtına çevrililəcəyi diqqətə çatdırılır. Həmçinin bildirilir ki, yalnız bir neçə gün ərzində 253 medal öz sahibini tapacaq. Oyunlara 50 ölkədən 6 min idmançı qatılacaq.
Samir