14 İyul 2015 10:31
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko ölkənin qərbindəki Mukaçeve şəhərində baş vermiş qanlı atışmanın ardınca radikal millətçi qruplaşma ilə polis arasındakı qarşıdurmaya son qoymaq məqsədilə iyulun 13-də Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.

İyulun 11-də üç nəfərin ölümü ilə nəticələnmiş atışmadan sonra Ukrayna təhlükəsizlik qüvvələri Sağ Sektorun silahlı üzvlərinin təslim olmalarına çalışırlar. Sağ Sektor üzvləri ilə qarşıdurma hökumət və millətçi qüvvələrin arasında olan gərginliyi bir daha nümayiş etdirib.

Millətçilər ötən il Moskva tərəfindən dəstəklənən keçmiş prezident Viktor Yanukoviçin devrilməsində əsas rol oynamış etiraz aksiyalarının hərəkətverici qüvvəsi olublar, lakin indi qərbpərəst liderlərin hakimiyyətinə meydan oxuyurlar.

Rusiya tərəfindən dəstəklənən separatçılarla davam edən münaqişə şəraitində millətçilərlə yaşanan bu qarşıdurma ölkənin milli birliyi üçün ciddi təhlükə təşkil edir.

Ukrayna Təhlükəsizlik Xidməti – SBU iyulun 12-də “qan axıdılmasının qarşısının alınması üçün” Sağ Sektorun silahlı üzvlərinin təslim olmalarını tələb edib. Hakimiyyət iyulun 11-də onların tərksilah edilmələri üçün Mukaçeve yaxınlığında əməliyyata başlayıb, lakin belə görünür ki, silahlılar Ukraynanın Avropa İttifaqının üzvləri Macarıstan və Slovakiya ilə sərhədində olan meşəliklərdə gizləniblər. Rəsmilər bildiriblər ki, atışmada yaralanmış iki nəfər təslim olub və hazırda xəstəxanada müalicə olunur. Lakin 12 silahlı hələ də müqavimət göstərir.

Atışmanın səbəbləri hələlik bəlli deyil. Tərəflərin hadisələr barəsində ziddiyyətli versiyaları var, lakin Sağ Sektorun hərəkəti hazırda bir tərəfdən islahatları həyata keçirməyə və Rusiya tərəfindən dəstəklənən sepratçılarla ölkənin şərinqindəki Luqansk və Donetsk vilayətlərində münaqişəyə son qoymaq istədiyi bir vaxtda Kiyevin asayişi təmin etmək sahəsindəki problemlərini nümayiş etdirib.

Sağ Sektor Mukaçevedəki qarşıdurmaya səbəbin korrupsiya ilə mübarizə olduğunu iddia edir. Sağ Sektor üzvləri deyirlər ki, onları qaçaqmalçılıqda ittiham etdikləri bir siyasətçi iyulun 11-də aldadaraq idman klubuna cəlb edib. Onlar iddia edirlər ki, qaçaqmalçılıq qərb vilayətlərindən olan Zakarpatyedə başlıca problemdir.

İyulun 12-də Kiyevdə və ölkənin başqa şəhərlərində etiraz aksiyaları keçirən Sağ Sektor tərəfdarları daxili işlər naziri Arsen Avakovun istefasını tələb edirlər. Bəzi rəsmilər ehtimal edirlər ki, zorakılıq Macarıstan, Slovakiya və Rumıniya ilə həmsərhəd Zakarpatyedə qaçaqmalçılıq yollarına nəzarət üstündə rəqabət aparan qruplar tərəfindən törədilib.


Müəllif:

Oxşar xəbərlər