Yaponiya Sahil Mühafizə Xidmətinin yaydığı məlumata görə, ABŞ silahlı qüvvələrinə məxsus helikopter avqustun 12-də günorta saatlarında Okinava adası yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində yeddi nəfər xəsarət alıb.
Sahil mühafizəsinin rəsmi nümayəndələrinin bildirdiyinə görə, Okinava prefekturasında yerləşən ABŞ hərbi qüvvələrinin təmsilçiləri helikopterdə 17 nəfərin olduğunu qeyd ediblər. Onların hamısı xilas olunub.
Yerli polis isə bildirib ki, helikopter sahildən 17 kilometr məsafədə qəzaya uğrayıb. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Yaponiya kütləvi informasiya vasitələri hərbi gəminin göyərtəsində quyruq hissədəki vintləri sınmış vəziyyətdə olan helikopterin görüntülərini yayıblar. Yaponiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, UH-60 nəqliyyat helikopteri hərbi gəminin göyərtəsinə enərkən qəzaya uğrayıb.