"Oktyabrın 2-də Parisdə keçiriləcək Rusiya, Almaniya, Fransa və Ukrayna liderlərinin görüşü Donbas məsələsinin dinc yolla həll olunmasında nəzərəçarpacaq nəticələr verə bilər".
Teleqraf.com interfax.ru-ya istinadən xəbər verir ki, bu sözləri SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov deyib. Onun sözlərinə görə, danışıqlarda uğur qazanmaq üçün tərəflər qarşılıqlı ittihamlardan imtina etməli və müsbət istiqamətdə səylərini artırmalıdır: "Minsk razılaşmalarını müsbət qiymətləndirmək olar. Ancaq görüşmək və söhbət etmək kifayət deyil. Bu, onların hər birinin nüfuzuna zərər gətirə bilər".
Qorbaçov sülh zamanı iqtisadi irəliləyişin vacibliyini diqqətə çatdırıb: "Mühüm irəliləyişlər ola bilər. Adamlar da müharibədən yorulub. Düzdüz, sentyabrın 1-dən atəşkəs elan edilib və sakitlik hökm sürür. Ancaq iqtisadi irəliləyiş yoxdur. Hesab edirəm ki, siyasi tərəqqi iqtisadiyyatın inkişafına yol açacaq.
Bəzi KİV-lər düşünür ki, Minsk razılaşması uğursuzluq gətirir və bundan imtina etmək lazımdır. Ancaq bu, səhv düşüncədir. Minsk razılaşması böhranın həllində mühüm addımdır. Ukrayna böhranının hərbi yolla həlli yoxdur. Ancaq buna birtərəfli yanaşmaq da səhv fikirdir. "Kim qalib gələcək?" məsələsini kənara qoymaq lazımdır".
SSRİ lideri Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Barak Obama ilə görüşünü də şərh edib: "Obama ilə görüş Rusiya üçün faydalı olacaq. Rusiya və Qərbin ümumi maraqları var. Lakin ölkələr arasında fikir ayrılığı mövcuddur. Belə görüşlər fikir ayrılığını aradan qaldırmağa və etimadı möhkəmləndirməyə yardım edəcək".
Samir