Moskva şəhər Arbitraj məhkəməsi VTB qrupuna daxil Moskva Bankının iş adamı Telman İsmayılova məxsus AST şirkətlər qrupuna daxil olan KBF AST şirkətinə qarşı qaldırdığı iddia üzrə təxminən 213 mln. dollar məbləğin iddiaçı tərəfə ödənilməsi ilə bağlı qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı RİA yayıb.
Qeyd edək ki, oktyabrın 1-də Rusiya Federasiyasının "Moskva bankı" ("Bank Moskvı", VTB qrupu) paytaxtdakı Çerkizov bazarının keçmiş sahibi, AST qrupunun sahibi Telman İsmayılov haqqında iflas elan olunması üçün arbitraj məhkəməsinə iddia təqdim etmişdi. Məhkəməyə daxil olan iddiada deyilirdi ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına kimi bank Ruslayın MMC və Hollandiyanın “Tropicano Finance B.V.” şirkətlərinə üç dəfə ümumi məbləği 230 milyon dollar olan kredit ayırıb.
Hər iki şirkət AST ilə əlaqəlidir və pulu alan Telman İsmayılov kreditin müəyyən olunmuş müddətdə qaytarılacağı barədə şəxsən təminat verib. İddiaya əsasən, nə faizlər, nə də əsas borc ödənilib. Nəticədə T. İsmayılovun bu ilin 1 oktyabrına yığılan borcu 286,4 milyon dollar olub.
"Moskva bankı" T. İsmayılovun bu müddətdə maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə, onun ödəmək iqtidarında olmadığını bildirib. Bununla əlaqədar bankın hüquqşunasları arbitraj məhkəməsindən vətəndaşın borclarının restrukturizasiyası prosedurunu aparmağı xahiş ediblər.