Terror təşkilatı İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadi hava zərbəsi nəticəsində ağır yaralanıb.
Ənbarda İŞİD-ə qarşı döyüşən Sünni Şahvan Güclərinin komandiri Aşur əl-Mıhelavinin sözlərinə görə, Ənbarın Karabilə bölgəsində İŞİD liderinin avtomobil karvanına edilən hava hücumu nəticəsində Bağdadinin ağır yaralanması ilə bağlı kəşfiyyat məlumatları əldə olunub.
İraqın əl-Qaim qəsəbəsi və Suriyanın Əlbukəmal şəhərində olan kəşfiyyat qurumlarından verilən məlumatlara görə, Bağdadi hadisə yerindən təcili yardımla Suriyadakı bir xəstəxanaya aparılıb. Aşur əl-Mıhelavi deyib ki, Bağdadi İraq sərhədinə çox yaxın, İŞİD-in nəzarətində olan Əlbukəmal şəhərindəki bir xəstəxanada yüksək təhlükəsizlik tədbirləri altında müalicə olunur: “Biz Bağdadinin ölümcül yaralandığı qənaətindəyik”.
İŞİD-in böyük bir çaxnaşma içərisində olduğunu söyləyən Mıhelavi, həmçinin bildirib ki, ikinci hava hücumundan yayınmaq üçün qruplaşma üzvləri xəstəxana ətrafından kənarlaşdırılaraq, ayrı-ayrı bölgələrə göndəriliblər.
İraqın Daxili İşlər Nazirliyinin rəsmi internet saytında yayılan məlumata görə, ölkənin qərbindəki Ənbar vilayətində İŞİD-in avtomobil karvanına endirilən hava hücumunda çox sayda terrorçu öldürülüb. Ancaq öldürülənlər arasında Bağdadinin olub-olmaması barədə dəqiq məlumat yoxdur.
Bəzi məlumatlara görə, İŞİD lideri aldığı xəsarətdən dünyasını dəyişib.