11 Dekabr 2015 16:03
2 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriyada hökumət qüvvələri Azad Suriya Ordusu ilə birlikdə terrorçuların nəzarətində olan ərazilərə daxil olub".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında deyib.

Onun sözlərinə görə, Rusiya qırıcıları Suriya hökumət qüvvələrinə bu işdə yaxından kömək edir: "Azad Suriya ordusunun 5 min nəfərlik ordusu və Suriya ordusunun əsgərləri Homs, Hama, Hələb və Rakka şəhərlərində terrorçulara qarşı döyüşür. Bundan əlavə, Rusiya döyüş təyyarələri onlara havadan dəstək verir. Terrorçular Rusiya üçün birbaşa təhlükədir. Moskvanın hərəkətləri abstrakt maraqlara deyil, Suriyanı qorumağa yönəlir. Rusiyanın həyata keçirdiyi əməliyyatlarda siyasi maraqlar yoxdur. Biz İŞİD terrorçuları ilə mübarizə üçün Suriyada əməliyyatlar aparırıq".

Putin bildirib ki, Rusiyanın İŞİD terror təşkilatına qarşı əməliyyatlarda iştirakı Suriyada vəziyyəti müsbətə doğru dəyişməyə yardım edib: "Rus qırıcılarının endirdiyi zərbələr terrorçuların ciddi itkilər verməsi və Suriyadakı vəziyyətin dəyişməsi ilə nəticələnib. Hazırda Suriyada ordu qüvvələri əksər ərazilərə nəzarət edir. Əməliyyatlar terrorçuların bir çox ərazilərdən geri çəkilməsinə səbəb olub".

Rusiya prezidenti Suriyadakı əməliyyatlarla bağlı xəbərdarlıq da edib: "Hərbçilərimizə qarşı hər hansı təxribat törətmək istəyənlərə xəbərdarlıq edirəm. Hərbi qulluqçularımızın və aviabazamızın təhlükəsizliyinin təmin edilməsi üzrə əlavə tədbirlər görülüb. Onlar yeni silahlarla təmin olunub. Rusiya hərbi varlığına qarşı hər hansı təhlükə dərhal məhv ediləcək. Bununla bağlı bütün məsuliyyətli şəxslərə əmr vermişəm".

Putin həmçinin, terrorçuluğun aradan qaldırılmasında maraqlı olan dövlətlərlə əməkdaşlığı inkişaf etdirmək tapşırığını verib: "Bütün əməliyyatlar zamanı İsrail və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı xəbərdar etmək vacibdir".

Rusiya lideri qeyd edib ki, Suriyadakı əməliyyatlarda iştirak edən rusiyalı hərbçilərin fəaliyyəti yüksək qiymətləndirilməlidir.

Samir


Müəllif:

Oxşar xəbərlər