Tehranda rəsmi səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoglu martın 5-də İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
Görüşdə regional təhlükəsizlik məsələsi ilə yanaşı, ikitərəfli əlaqələrin inkişafı da müzakirə edilib.
Qeyd olunub ki, Türkiyə və İranın əməkdaşlığı bütün region ölkələri üçün əhəmiyyətlidir. Regionda sabitliyin bərpası və beynəlxalq terrorçuluğa qarşı mübarizə yalnız qarşılıqlı əməkdaşlıqla səmərəli ola bilər.
İran Prezidenti nəzərə çatdırıb ki, regiondan çox uzaq olan dövlətlərin terrorla mübarizə adı altında bölgədəki problemlərə müdaxilə edib öz geopolitik maraqlarını reallaşdırmağa çalışmaları vəziyyəti daha da qəlizləşdirir. Bu gün müsəlman ölkələrinin birliyi zəruridir. Əgər müsəlman dövlətləri terrorla mübarizədə vahid mövqedən çıxış etsələr Suriya və İraqdakı qarşıdurmalar aradan qaldırılar.
Ə. Davudoğlu isə bildirib ki, Türkiyə terrorla mübarizədə hər zaman İranla əməkdaşlığa hazırdır. “İki dövlət bölgədə biri-birini tamamlayır”, deyən Baş nazir rəsmi Ankaranın Tehranla əlaqələri daha da genişləndirmək istədiyini vurğulayıb.
Siyasi müşahidəçilər qeyd edirlər ki, geniş iqtisadi əlaqələrə malik olan iki ölkənin Suriya məsələsinə dair fikir ayrılıqları tədricən aradan qalxmaqdadır. Lakin kimin kimə güzəşt edəcəyi hələlik məlum deyil.