İtaliya Avropanı terrorizmə qarşı vahid təhlükəsizlik strategiyası tətbiq etməyə çağırır
İtaliyanın Baş naziri Matteo Renzi Avropanın terrorizmə qarşı vahid təhlükəsizlik strategiyası tətbiq etməsinin vacibliyinə dair çağırışlar edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, Brüsseldə baş verən terror aktından sonra bu bəlaya qarşı daha ciddi tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb: "Dinc insanların ölümü ilə nəticələnən terror aktlarına Avropanın cavabı “Avropa Pakt”ının hazırlanması ilə başlamalıdır. Avropada gizlənən terrorçular qlobal hədəyə çevrilib və bu problemlə mübarizə aylar, hətta illər boyu davam edə bilər. Bu səbəbdən Avropa ölkələri vahid təhlükəsizlik strategiyası üzrə hərəkət etməlidirlər".
İtaliya Prezidenti Sergio Mattarella da bu mürəkkəb vəziyyətdən çıxış yolu tapmaq üçün həmrəylik göstərməyin vacibliyini qeyd edib. Bildirib ki, təhlükəsizlik, hərbi hazırlıq, mədəni əməkdaşlıq və davamlı inkişaf bu həmrəyliyin əsas elementləri olmalıdır. Çünki insanlığın gələcəyi və azadlıq hazırda bu həmrəyliyin möhkəmlənməsindən asılıdır".