1 Aprel 2016 12:33
2 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən İzmirdə Alparslan Çelikin həbs edilməsi Rusiyada sensasiya ilə qarşılanıb.

Xatırladaq ki, Alparslan Çelik 2015-ci il noyabrın 20-də Rusiyaya məxsus Su-24 təyyarəsinin paraşütlə xilas olmağa çalışan pilotunu vurması ilə gündəmə gəlmişdi. Çelik Suriya ərazisi hesab edilən Bayır-Bucaqda türkmənlərlə birlikdə Bəşər Əsəd rejiminə qarşı savaşan qruplardan birinin komandiri kimi təqdim edilirdi. Rusiya tərəfi bu hadisədən sonra Türkiyə ilə siyasi və iqtisadi sahədə əlaqələrini kəsib.

Hazırda Moskva əlaqələrin normallaşması üçün üç şərt irəli sürür. Bunlar rus pilotu güllələyən Alparslan Çelikin həbs edilməsi, Ankaranın Moskvadan üzr istəməsi və öldürülən pilotla bağlı təzminatın ödənməsi şərtləridir.


İzmirdə həbs edilən və milliyətçə türkmən olan Alparslan Çeliklə bağlı son xəbərlər Rusiyada bomba kimi partlayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya tərəfi Su-24 təyyarəsinin pilotunu vurduğunu etiraf edən Alparslan Çelikin həbs edilməsinə dair xəbərləri təhlil edir. O, əlavə edib ki, mövzu ilə bağlı mövqelərini ifadə edəcəklər.

Rusiya mediası bu xəbərin Türkiyə ilə Rusiya arasında müşahidə edilən böhranın aradan qaldırılması istiqamətində addım ola biləcəyini ifadə edir. Rusiyanın Türkiyədəki sabiq səfiri Pyotr Stegniy “Çelikin həbs edilməsi doğru addımdır” deyə olayı qiymətləndirib.

Akademik Vladimir Əhmədov isə təyyarə böhranından bu günə qədər Rusiyanın Suriyadakı mövqeyinin açıq şəkildə gücləndiyini, Türkiyəninkinin isə zəiflədiyini ifadə edərək bildirib ki, bu an əlaqələrin normallaşdırılması Türkiyənin xeyrinədir.


Qeyd edək ki, bu gün Rusiyanın bir çox məşhur qəzet və saytları “Türkiyə rus pilotun qatili Alparslan Çeliyi Rusiyaya verəcəkmi?” başlığıyla xəbərlər verib.

Cavad


Müəllif:

Oxşar xəbərlər